Artıq heç kəsdə şübhə yoxdur ki, İran
Azərbaycana qarşı düşmən mövqeyindədir. Bu düşmənçilik, xainlik get-gedə daha çirkin hal almaqdadır.
Görünən budur ki, işğalçı Ermənistanla eyni xisləti daşıyan şovinist iran
rejimi dostluq ağacının budaqlarına balta üstünə üstünə balta vurmaqda davam
edirlər. Ancaq xalqımıza qarşı yönələn hər təxribat Cənubi Azərbaycanda xalqın
azadlıq ehtirasından alışmaqda
olan od-alovunu
daha da ərşə qaldıracaq. Nəticədə şovinist rejimin tikanlı məftilləri
"xalq dənizi"nin ayaqları altında əzik-əzik olacaq.Yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinin binasına edilən
hücum iran rejiminin növbəti cinayət əməli, terror aksiyalarından biridir.
Səfirliyimizə hücum edən terrorçu “kalaşnikov” markalı avtomat silahla
səfirliyə daxil olaraq mühafizə xidmətinin rəisi, baş leytenant Əsgərov Orxan
Rizvan oğlunu qətlə yetirilib. Hadisələrin ani məqamda baş verməsinə
baxmayaraq, soyuqqanlığını itirməyən Şuşa rayon sakini Vasif Tağıyev qəhrəmanlıq
göstərərək cinayətkarı zərərsizləşdirib. Vasif Tağıyevin bu hünəri dostda qürur
hissi, düşmənə vətənpərvərlik, qorxmazlıq dərsidir. Xocalı şəhər 2 saylı tam
orta məktəbin məzunu olan Vasif Tağıyevin müəllimlərinin təəssüratlarını
oxucularımıza çatdırmaq istəyirəm.
Vasif Tağıyevə kimya-biologiya dərsləri demiş Samirə Hüseynova
"Xalq qəzeti"nə açıqlamasında bildirdi ki, qəhrəmanımızın bu şüacəti
ilə bütün müəllimləri, məktəbdə təhsil alan şagirdlər qürur hissi duyur:
Vasif Tağıyev məktəbin əlaçı, nizam-intizamlı şagirdlərindən biri
olub. Yüksək tərbiyəsi, əxlaqı, dərslərini əla oxumağı ilə həmişə fərqlənirdi.
Mehriban və şən oğlan idi. Müəllimlərinə həmişə hörmətlə yanaşıb. Məktəbin
tədbirlərində fəal iştirak edirdi. Vasifin qəhrəmanlığı indi bütün
şagirdlərimiz üçün nümunədir.
Məktəbin Çağırışaqədərki hazırlıq fənni müəllimi Süleyman Quliyev
də Vasifin hünərindən qürurla danışdı:
Azərbaycanın igid oğulları çoxdur. Vasif avtomatlı terrorçunun
üzərinə əliyalın getməklə Azərbaycan oğullarının nə qədər qorxmaz və güclü
olduğunu bir daha dünyaya göstərdi. Allah şəhidimizə rəhmət eləsin. Vasif
terrorçunu zərərsizləşdirməsəydi, daha çox itkimiz ola bilərdi. Vasifin
çevikliyini dərs deyərkən hiss etmişdim, çox cəld idi. O düzgün qərar verərək
ani məqamda terrorçunun üzərinə şığıdı.
Vasifin ailəsi mədəni, ziyalı ailədir. Nizam-intizamlı şagird kimi
özünü müəllimlərinə sevdirmişdi Vasif. Amma bu gün Vasifi bütün xalqımız sevir,
onunla fəxr hissi duyur. Yaxınlarda görüşmüşdük, salamı, səmimi münasibətilə
ürəyim açılmışdı.
Təsdiqini tapmış fikirdir ki, gələcəyin layiqli vətəndaşı ilk
növbədə ailədə, məktəbdə formalaşır. Ancaq qəhrəmanlar heç kəsin gözləmədiyi
vaxtda, ən çətin məqamlarda meydana çıxır və qəhrəmanlıqları ilə ürəkləri fəth
edirlər. Döyüşkən xalqımızın qəhrəmanlıq salnamələrini davam etdirən ...Tofiq
Hüseynovlar, Əlif Hacıyevlər, Füzuli Rüstəmovlar, Mübariz İbrahimovlar, Polad Həşimovlar… həmişə olacaq. Vətən uğrunda öz canlarını qurban verərək şəhidlik
arzulayan igidlərimiz var. Bu gün şagirdlərimizə vətənpərvərlik, qorxmazlıq
hissləri aşılayan Vasif Tağıyevin qəhrəmanlıq hekayəsi də gələcək nəsillərdə neçə-neçə
qəhrəmanların döyüş ruhunda zühur edəcəkdir.
Qalib BƏYMƏMMƏDOĞLU,
“Xocalının səsi” qəzetinin redaktoru